Yayın gözlənilməz sürprizi - Sel və daşqınlar artıb  

12:39 06.07.2023 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

Bu il ölkədə yağıntıların bol olması çaylarda sululuğu xeyli artırıb. Çaylarda suyun səviyyəsinin artması isə sel və daşqınlara səbəb olub. Yay fəsli olmasına baxmayaraq tək son bir ayda hava şəraitinin qeyri-sabit keçməsi nəticəsində ölkənin müxtəlif ərazilərində çaylardan güclü sel keçib. Nəticədə bəzi əraziləri sel suları basıb.

Qeyd edək ki, çoxillik statistik məlumatlara görə, Azərbaycanda son 57 ildə ən çox sel-daşqın hadisəsi də məhz bu il qeydə alınıb. Ekologiya və təbii sərvətlər nazirinin müavini Umayra Tağıyeva bildirib ki, son zamanlar hava şəraiti ilə bağlı narahatedici xəbərlər əhalidə suallar yaradır, səbəblər müzakirə olunur: “İqlim sistemini hərəkətə gətirən müxtəlif amillər arasında El-Nunyo və La-Ninya hadisələrinin xüsusi rolu mövcuddur. Baş verən təbii proseslər iqlim dəyişmələri fonunda keçir, buna görə də qlobal temperatur artdıqca yağıntıların fəsillik rejiminə təsir göstərir, hava şəraitinin ekstremallığı artır. Ümumdünya Meteorologiya Təşkilatının məlumatlarına istinadən deyə bilərik ki, təbiət hadisəsi olan El-Ninyo bu yay geri dönməyə hazırlaşır. Bu, ekvatorial Sakit okeanda okean səthinin temperaturunun, onun üzərindəki atmosfer sirkulyasiyasının dəyişməsi ilə əlaqələndirilir ki, bu da dünyanın bir sıra regionlarında hava və iqlim rejimlərinə əhəmiyyətli təsir göstərir. Bu hadisə Cənubi Amerika sahillərindən Avstraliyaya qədər Sakit Okeanın tropik hissəsində yerüstü su qatının temperaturunun qısamüddətli artması deməkdir. Bu ilin iyun ayını Azərbaycanda dəyişən iqlimlə bağlı fəsadların artması modeli kimi qiymətləndirmək olar. Bunun üçün əsas var. Çoxillik statistik məlumatlara görə, son 57 ildə ən çox sel-daşqın hadisəsi məhz bu il qeydə alınıb. Belə ki, bu il artıq 45 sel hadisəsi baş verib, bu da keçən ilin rekordunu üstələyib (2022-ci ildə 43 hadisə müşahidə olunub). Son 10 ildə isə iyun ayında orta hesabda 3-9 arası del-daşqın hadisəsi qeydə alınırdısa, keçən il 18, bu ilin iyun ayının 15 günü ərzində 26 belə hadisə olub”.

Nazir müavini qeyd edib ki, bu cür mənzərə həm də qonşu ölkələrdə, o cümlədən, Türkiyədə, Rusiyanın cənubunda müşahidə olunur: “Ərazimizdən keçən soyuq atmosfer cəbhələri kəskinləşərək yağıntıların qeyri-bərabər paylanması ilə müşayiət olunur, hətta Qax rayonunda olduğu kimi, bir gündə aylıq normanın 120 faizi qədər yağıntı düşür.

Ümumilikdə isə yarım ay ərzində Böyük Qafqazın bəzi ərazilərində qeydə alınan yağıntının miqdarı aylıq norma göstəricilərini 2,4 dəfə aşıb. Daşkəsən-Gədəbəy zonasında 110 mm miqdarında olub. Hətta Mərkəzi Aran zonasında Sabirabadda aylıq normanın 122%-i, Tərtərdə 65%-i, Yevlaxda isə 75%-i müşahidə edilib. Dolu prosesi bu ilin iyun ayında keçən illə müqayisədə daha çox təkrarlanmış, belə ki, 01-15 iyun tarixlərində 31 dəfə dolu hadisəsi qeydə alınıb, ötən il isə 18 belə hadisə olub. Qəbələ və Yardımlıda dolu dənələrinin diametri 25-30 mm qeydə alınıb.

U.Tağıyeva deyib ki, iqlim dəyişikliyi artıq Yer kürəsinin hər bir bölgəsinə təsir edir: “Ekstremal hava, hidroloji və iqlim hadisələri insan təhlükəsizliyinə, milli iqtisadiyyatlara, şəhər və kənd mühitinə, qida və su təhlükəsizliyinə təsir göstərir”.

Onun sözlərinə görə, ölkədə hidrometeoroloji xidmətin potensialının artırılmasına, müasir yanaşmaların tətbiqinə xüsusi önəm verilir, dövlət investisiya layihələri çərçivəsində yeni texnoloji həllər tətbiq olunur. Bütün bunlar iqlim dəyişmələri fəsadlarına uyğunlaşma strategiyasının əsaslarını təşkil edir.

Elm və Təhsil Nazirliyinin akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun Xəzərin hidrometeorologiyası şöbəsinin müdiri coğrafiya elmləri doktoru Səid Səfərov bizimlə söhbətində bildirib ki, dolu düşməsi, sel gəlməsi, digər neqativ hadisələrin baş verməsi 10-15 ildən güclənə bilir:

“Uzun illərdir bu işlərlə məşğul olmuşam. Məsələn, 1983-cü ildə, 1985-ci ildə, 2010-cu ildə demək olar ki, buna oxşar hadisələr baş verib. Bunun səbəbi nədir? Bunun səbəbi ondan ibarətdir ki, Azərbaycanda iqlim şəraitinin dəyişməsinin əsas səbəbi bura daxil olan müxtəlif tip hava kütlələridir. Tutaq ki, ölkə ərazisinə soyuq hava kütlələri daxil olur, bu halda isti hava yüngül olduğundan yuxarı qalxır. Şimaldan soyuq hava kütlələri, Qərbdən Atlantik okeanı və Aralıq dənizindən daxil olan rütubətli hava kütlələrinin Azərbaycan ərazisində görüşməsi halları nə qədər tez-tez təkrarlanarsa, təhlükəli atmosfer proseslərinin və onlarla əlaqədar olan intensiv leysan, dolu, ildırım, şiddətli qasırğa küləkləri, həmçinin daşqın və sellərin ehtimalı da bir o qədər çox olur. Qeyd olunan hava kütlələrinin daxil olması özünü soyuq hava cəbhələri və cənub siklonlarının əraziyə yaxınlaşması ilə büruzə verir. Soyuq hava cəbhələrində isti və nisbətən soyuq hava kütlələri sərhəddində temperatur kontrastı nə qədər kəskin olarsa, baş verən təhlükəli atmosfer prosesləri daha şiddətli olur. Yəni, yaz, hətta yay aylarında hava şəraitinin kəskin pisləşməsi əsasən əraziyə daxil olan hava kütlələri ilə əlaqədar olur. İndi get-gedə hava isinir. May-iyun aylarında demək olar k, hər gün müxtəlif rayonlarda intensiv dolu düşdüyünü, güclü leysan yağdığını, sel və daşqınların baş verdiyini eşidirik. Amma bu proses getdikcə zəifləyəcək, hətta iyul ayının ikinci yarısından, avqust ayında quralıq da gözləmək olar. Yəni bu məsələlər təkcə iqlim dəyişmələri ilə bağlı proses deyil”.

Ekspert həmçinin vurğulayıb ki, iqlim dəyişmələri atmosferdə karbon qazının konsentrasiyasının artması ilə əlaqədardır: “Bu gün iqlim dəyişmələri ilə əlaqədar Yer kürəsinin orta illik qlobal temperaturu artıb. Azərbaycan ərazisində də qlobal istiləşmə öz təzahürlərini göstərməkdədir. İqlim norması 1961-1990-cı illərlə müqayisədə 1991-2020-ci illərdə havanın orta illik temperaturu orta hesabla 0,80 – 1,2 dərəcə artıb. Ən böyük artım isə avqust ayında müşahidə edilir ki, bu da bir çox hallarda davamlı və intensiv “isti hava dalğaları”, həmçinin ekstremal hava temperaturları ilə müşayiət olunur. Qlobal istiləşməni məhdudlaşdırmağın yeganə yolu dünyanın enerji balansında bərpa olunan enerjinin xüsusi çəkisini kəskin artırmaqla, atmosferə atılan karbon qazı və digər parnik qazlarının miqdarının azaldılmasıdır. Bununla yanaşı, qlobal temperaturun dəyişməsinə dünya okeanında baş verən irimiqyaslı proseslər də nəzərəçarpacaq təsir göstərir. Bunlardan biri Sakit okeanın ekvatorial ərazilərində vaxtaşırı müşahidə olunan “La Nino” və onun əksi olan “El Nino” hadisələridir. “La Nino” baş verdiyi zaman Sakit okeanın tropik və xüsusilə də ekvatorial hissəsində nisbətən isti səth axınları şərqdən qərbə doğru hərəkət edərək, Cənubi Amerikanın qərb sahillərində (Peru və Ekvador) “apvelling” hadisəsinə, yəni nisbətən soyuq dərinlik sularının səthə qalxmasına səbəb olur. Sahil sularının temperaturunun aşağı düşməsi orada yaşayan canlılar, o cümlədən əksər balıq növləri üçün münbit şərait yaratmaqla yanaşı, Peru və Ekvadorda quraqlığa, Avstraliya və İndoneziyanın əksər ərazilərində isə şiddətli yağıntılara və daşqınlara səbəb olur. Bəzən də okeandakı səth axınları istiqamətini kəskin dəyişərək, qərbdən şərqə doğru yönəlir ki, bu da “El-Nino” hadisəsinin baş verməsinə səbəb olur. Bu zaman nisbətən isti səth suları Cənubi Amerika sahillərinə yönəlməklə orada “apvelling” proseslərini xeyli zəiflədir və hətta su səthi temperaturunun nəzərəçarpacaq artımına şərait yaradır. Bu zaman Cənubi Amerikanın qərb sahillərində okeanın səviyyəsi 60 sm-ə qədər qalxa bilir. Suyun temperaturunun kəskin artması buradakı canlılar üçün əlverişsiz şərait yaratmaqla yanaşı, intensiv yağıntılara, qasırğalara və daşqınlara səbəb olur. Həmin dövrdə əks istiqamətdə yerləşən Avstraliya və İndoneziyanın əksər ərazilərində kəskin quraqlıq və meşə yanğınları müşahidə olunur. Qərbdən-Şərqə doğru hərəkət edən isti su kütləsi Sakit okeanın ekvatorial ərazilərində passat küləklərinin zəifləməsinə və beləliklə həmin ərazilərdə yağıntıların azalmasına və quraqlığa səbəb olur. “El Nino” hadisəsi yalnız ekvatorial Sakit okean regionuna deyil, kifayət qədər uzaq məsafələrdə yerləşən ərazilərin də hava və iqlim şəraitinə təsir edir. “El Nino” zamanı okean artıq istilik və rütubətin bir hissəsini atmosferə ötürdüyündən Yer kürəsinin qlobal temperaturu bir qədər arta bilir. Hazırda son 3 ildə aktiv olan “La Nino” zəifləməkdə və öz yerini “El Nino”ya verməkdədir. Bununla əlaqədar dünya alimləri 2024-cü ildə qlobal temperaturun El-Nino səbəbindən daha 0,2 dərəcə artacağını, tropik və ekvatorial zonada yağıntıların azalmasını, quraqlığı və Avropanın şimalında qış aylarında şiddətli soyuqlar proqnozlaşdırırlar. Amma bu prosesin hansı ərazilərdə necə paylanacağını əvvəlcədən proqnozlaşdırmaq çətindir”.

S.Səfərov qeyd edib ki, Yerin qlobal temperaturu sənayeləşmədən əvvəlki dövrlə müqayisədə artıq təxminən 1,2 dərəcə artıb: “El Nino”nun atmosferə əlavə istilik qatacağını nəzərə alaraq, alimlər Yer kürəsində temperatur artımının müvəqqəti olaraq Paris razılaşması ilə kritik hədd kimi qəbul edilmiş 1,5 dərəcəni aşmasından ehtiyatlanırlar. Lakin “El Nino” dünyanın müxtəlif ərazilərində özünü fərqli təzahür etdirir, yəni bəzi yerlərdə quraqlığa səbəb olsa da, digər yerlərdə şiddətli yağıntılara, sel və daşqınlarla müşayiət olunur. Hazırda “La Nino”nun zəifləyərək “El Nino”ya keçməsi Azərbaycan ərazisində intensiv yağıntılar, dolu düşməsi, daşqın və sel hadisələri ilə özünü büruzə verir və qarşıdakı 2-3 il ərzində də bu tendensiyanın davam edəcəyini ehtimal etmək olar”.